Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun xəbərinə görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin də qatıldıqları mərasim hərbi hissənin komandiri, polkovnik Mehman Yusifovun Dövlət Sərhəd Xidmətinin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-leytenant Azad Ələkbərova raportu ilə başlayıb.
Azad Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Dövlət Himni çalınıb və nizamla düzülən gənc sərhədçilər Vətənə sədaqət andı içiblər.Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin gənc əsgərlərə ünvanlanmış təbrik teleqramının mətni oxunub.
Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri əlamətdar gün münasibətilə övladlarına təbriklərini çatdıraraq, onlara Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırığını can-başla yerinə yetirməyi tövsiyə ediblər.
Sonda hərbi marşın sədaları ilə gənc əsgərlər nizamlı addımlarla tribunanın önündən keçiblər.