Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb. (https://enter.amcpros.com/ava/entry/e-social/)
Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin daxil olan məlumatında qeyd olunub.
“E-sosial” portalının vətəndaşlar üçün bir kliklə 100-dən çox e-xidməti əlçatan etməsi, pensiya kalkulyatoru, həmçinin e-arayışları yükləmək və yoxlamaq imkanı yaratması müsabiqədə yüksək qiymətləndirilib.
Sözügedən müsabiqəyə 30-a yaxın ölkədən müxtəlif dövlət qurumları, həmçinin “Samsung”, “The Grove”, “MJ2 Marketing” kimi nüfuzlu beynəlxalq təşkilatlar, univeristetlər və tədqiqat institutları daxil olmaqla 2900 qurumdan müraciət daxil olub.
“AVA Digital Awards” rəqəmsal kommunikasiyada mükəmməlliyi qiymətləndirən beynəlxalq müsabiqədir. 1994-cü ildə təsis edilən mükafat rəqəmsal medianın konsepsiyası, istiqaməti, dizaynı və istehsalı ilə məşğul olan yaradıcı mütəxəssislərin nailiyyətlərini dəyərləndirir.