Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov özünüməşğulluq proqramı çərçivəsində Naftalan şəhər sakinləri Qurbanov Rövşən İsmayıl oğlu və Cuquyeva Asudə Mürşüd qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına R.Qurbanov “Poliqrafiya xidmətləri”, A.Cuquyeva isə “Qadın gözəllik salonu” zərfi üzrə təsərrüfatlarını qurublar.
Onlar işsiz və işaxtaran şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ötən dövrdə Naftalanda 224 şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını qurub.
A.Əliyev və V.Novruzov Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naftalan Reabilitasiya Mərkəzinə də baxış keçiriblər.
Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə Naftalan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə effektiv fizioterapevtik üsullarla kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Burada Naftalan nefti ilə sınanmış müalicə prosedurları da tətbiq edilir.
Mərkəzdə yaradılan şərait, əlilliyi olan şəxslərə göstərilən xidmətlər nəzərdən keçirilib.






