V “Yüksəliş” müsabiqəsinə qeydiyyat mərhələsi başlayıb, iki saat ərzində 1000-ə yaxın şəxs müraciət edib.
“Report”un məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bununla bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, müsabiqə üçün qeydiyyat bu gün saat 10:00-dan etibarən aktivdir: “Bu rəqəm onu göstərir ki, müsabiqəyə maraq olduqca böyükdür”.
F.Hacıyev həmçinin xatırladıb ki, indiyədək keçirilən dörd müsabiqəyə 53 min 410 nəfər müraciət edib: "Onlardan 32 min 959 nəfəri iştirak üçün müsabiqəyə seçilib".
Konfrans zamanı yeni mövsümdə istifadəyə verilən müsabiqənin rəsmi internet səhifəsi mətbuat nümayəndələrinə təqdim olunub və saytda edilmiş yeniliklər barədə ətraflı məlumat verilib. Saytın daha funksional olması üçün bir sıra yeniliklər tətbiq edilib ki, bu da qeydiyyat prosesinin daha asan və rahat olmasına imkan yaradıb.
Tədbirdə həmçinin beşinci mövsümün tanıtım çarxı da nümayiş olunub.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və aprelin 10-a kimi davam edəcək.
Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsi bu dəfə də idarəetmə sahəsində peşəkar inkişafı və liderlik potensialını ortaya qoymaq istəyən namizədlər üçün böyük imkanlar vəd edir.
Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan vətəndaşları müsabiqəyə qoşula bilərlər. “Yüksəliş” müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla 6 mərhələdən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər “yukselish.az” rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.
İndiyədək keçirilmiş “Yüksəliş” müsabiqələri böyük maraqla qarşılanmış və geniş iştirakçı kütləsini əhatə edib. Birinci müsabiqədə 11 min 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib seçilib.
İkinci müsabiqədə isə 12 min 299 nəfər qeydiyyatdan keçib və 22 nəfər qalib adını qazanıb.
Üçüncü müsabiqədə 13 min 474 namizəd iştirak edib və 22 nəfər qalib müəyyənləşib.
Dördüncü “Yüksəliş” müsabiqəsində isə 15 min 877 şəxs qeydiyyat mərhələsini uğurla tamamlayıb, 25 nəfər müsabiqənin qaliblərinə çevrilib.
Konfransın sonunda mətbuat nümayəndələrinin sualları da cavablandırılıb.
“Yüksəliş” müsabiqəsi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.