Ramazan ayının başlaması ilə bağlı FƏTVA VERİLDİ

Ramazan ayının başlaması ilə bağlı  FƏTVA VERİLDİ backend

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Qaziler.az xəbər verir ki, fətvada deyilir:

"Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək". 

Fətvada qeyd olunub ki, bu ilki Ramazan Novruz günlərinə təsadüf edəcək:

"Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir.  Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir".

QMİ vurğulayıb ki, çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.

"Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin". 

Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib.

"Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".

Diaspora