Bakıda sürüşmə və qaya uçqunu TƏHLÜKƏSİ VAR - XƏBƏRDARLIQ

Bakıda sürüşmə və qaya uçqunu TƏHLÜKƏSİ VAR - XƏBƏRDARLIQ backend

Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Yağan qarın hündürlüyü bəzi bölgələrdə 82, Bakıda və Abşeron yarımadasında doqquz santimetrə çatıb.

Yaxın günlərdə temperaturun qalxacağı gözlənilir. Bunun nəticəsində yağan qar tədricən əriyəcək ki, bu da bir sıra təbiət hadisəsinə səbəb ola bilər.

Bəs bu yağan qar paytaxtda sürüşmə zonalarına necə təsir edəcək?

Qaziler.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyib ki, qarın əriməsi nəticəsində paytaxtın bir neçə ərazisində sürüşmənin aktivləşəcəyi gözlənilir:

"Dağətəyi hissələrdə, min metrə qədər yüksəkliyi olan sahələrdə, xüsusilə Abşeron yarımadasında qarın əriməsini müşahidə edirik. Qarın əriməsi tədricən baş verir və bu da suyun tədricən torpağa hopmasını təmin edir. Torpaq, qrunt su ilə doyduqdan sonra aşağıdakı sürüşməyə meyilli laylar üzərində yerdəyişməyə, cazibə qüvvəsinin təsiri ilə hərəkət etməyə məruz qalır.

Abşeron yarımadasında əvvəllər dəfələrlə dediyimiz sahələrdə belə sürüşmələri gözləyirik.

Abşeron yarımadasında elə yamaclar var ki, orada qarın qalınlığı çox olmayıb. Yamacdan çox sürüşməni hərəkətə gətirən yamacın qaş hissəsində əmələ gələn qar yığınından yaranan kiçik gölməçələrdir. Həmin su yığınları layarası tarazlığı pozmağa meyilli olur. Xüsusilə, Gəncə prospekti sahəsində, Əhmədli yaylasının cənub yamacı hissələrində, Zığ ərazisindəki Günəşli yamacları, Masazır sahəsindəki meyilli ərazilərdə diqqətli olmaq lazımdır".

O bildirib ki, paytaxtda qaya uçqunlarının olmasını da gözləmək mümkündür:

"Xüsusilə Bibiheybət məscidindən Bayıla qədər olan yamaclarda kifayət qədər sürüşmə uçqununa meyilli ərazilər var. Bu yaxınlarda müşahidə etdiyimiz dairəvi yolda da hadisələr ola bilər. Bunların qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Vaxtında cavabdeh icra orqanları müşahidələr aparmalı və müşahidələr nəticəsində baş verən riski azaltmaq mümkündür. Bu risklərdən vaxtında qaçmaq da olar".

Şöbə müdiri ölkədə sürüşmə təhlükəsi olan yolların da olduğunu vurğulayıb:

"Sürüşmələrlə qarın əriməsi arasında sıx əlaqə mövcuddur. Ona görə də dağlıq rayonlarda, dağətəyi rayonlarda olan rayonların icra orqanlarının bu sahədə ayıq-sayıq olmalarını məsləhət görürəm. Sürüşmə riskli ərazilər, xüsusilə, Böyük Qafqazın Şimal-Şərq və Cənub-Şərq yamacları çox aktiv zonalardır. Bura kifayət qədər qar düşüb və həmin qarın aktivlik müşahidə edilən ərazilərdə sürüşmələri hərəkətə keçirəcəyi, fəallaşdıracağı qaçılmazdır, gözləniləndir.

Ümumiyyətlə, dağlıq ərazilərdə qarın əriməsi intensiv getməyəcək. Tədricən ərimə də martın axırları, aprel ayına qədər davam edəcək. Ən çox sürüşmə, uçqun təhlükəli yollar İsmayıllı-Lahıc, Lahıc və Şamaxının Dəmirçilər istiqamətində çəkilmiş yeni yollardır. Ümumiyyətlə, Qobustan-Şamaxı ərazisində bəzən yollardan kənar təhlükəli sürüşmələr baş verir. Lakin yaşayış yerindən kənarda yerləşdiyi üçün səs-küyə səbəb olmur".

Diaspora