Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanovun vəziyyəti hazırda yaxşıdır.
Bunu “Report”a açıqlamasında zərərçəkənin qardaşı Siyavuş İmanov deyib.
Onun sözlərinə görə, Bərdə Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam edən N.İmanovun yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması gözlənilir.
S.İmanov hadisəsinin necə baş verdiyi haqda danışıb:
“Bir neçə gün öncə Nağı yaxınlarının şəhid olduğu ərazilərə getmək qərarına gəlib. Məqsədi atam və qardaşımın şəhid olduğu əraziyə baxış keçirmək, onların xatirə lövhəsinin hazırlanması üçün yer seçmək idi. Həmin gün hava qarlı olduğundan getdiyi yolu səhv salıb, nəticədə minaya düşüb”.
Xatırladaq ki, fevralın 21-də Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşüb. Onun sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 1/3-nin amputasiya olunub.
Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.