Ölkə ərazisində havanın kəskin soyuq və qarlı keçməsi səbəbindən fevralın 23-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazın qəbulu operativ məlumata əsasən rekord həddə - 50,6 milyon kubmetrə çatıb.
Bu barədə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası üzrə qaz qəbulu 28,5 milyon kubmetr, Rayon Qaz İstismar İdarələri üzrə isə 22,1 milyon kubmetr təşkil edib. “Ötən ilin fevralın 23-də qazpaylama şəbəkəsinə 42,1 milyon kubmetr təbii qaz qəbul olunmuşdusa, bu il həmin göstərici 8,5 milyon kubmetr artaraq 50,6 milyon kubmetr olub”, - deyə o qeyd edib.
E.Vəliyev əlavə edib ki, havaların kəskin dəyişməsinə baxmayaraq, təbii qazın qəbulu və paylanmasında heç bir problem yaşanmır: “Baş verə biləcək istənilən fors-major hallara hazırıq. Birliyin 104 Çağrı Mərkəzi fasiləsiz olaraq gücləndirilmiş iş rejimində çalışır”.