Dövlət hesabına mənzillər kimlərə və necə verilir?

Dövlət hesabına mənzillər kimlərə və necə verilir? backend

Qaziler.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, dövlət tərəfindən pulsuz mənzillər aşağıdakı kimi verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər.

Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir.

Qeyd edək ki, hələ 1994-cü il, 26 avqustda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu qəbildən olan insanların mənzil təminatı ilə bağlı fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti ardıcıl və sistemli şəkildə davam etdirir. Yeri gəlmişkən ötən il, iyunun 20-də bu problemi həll edilməsi üçün çox vacib bir sərəncam imzaladı. Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etsin;

3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2014-cü il”
Diaspora