Bakıda çoxmərtəbəli binaların tikintisini həyata keçirən “East Residence” MTK tikinti şirkəti çox sayda insanı narazı salıb. Maliyyə problemləri yaşayan MTK-nın layihələri dayandırılıb, vergi borcu yaranıb, sədri həbs edilib, mənzil alan şəxslər aldadılıb.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, MTK-nın sədri Əli Məmmədov həbs edilib.
Buna səbəb Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı MTK tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsidir.
Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MTK-nın Nərimanov rayonu, Qarabağ küçəsi 33 ünvanında inşa etdiyi binadan çoxsaylı şikayətlər var. Hazırda bina inşa edilən ərazidə daha əvvəl yaşayış binası olub. MTK 4 ilə yaxındır həmin binanı söküb. Yeni tikilən binadan sakinlərə mənzil verəcəyini vəd edib. Amma nə bina tikilir, nə də evdən çıxarılan sakinlərə kirayə pulu verilir.
Şirkətin problemləri bununla da bitmir. MTK-nın bu günə olan vergi borcu da çoxdur. Hazırda şirkətin 3 milyon 263 min manat borcu var.