Dörd aya yaxındır Eritreya sularında saxlanılan üç gəmimiz və onların ekipaj üzvlərindən ailələri narahatdırlar.
QAZİLER.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, 2 həftəyə yaxındır onlardan, ümumiyyətlə, məlumat ala bilmirlər. Gəmidəki vətəndaşlarımızın qardaşları, ataları, qayınataları qeyd edirlər ki, qohumları uzun illərdir bu sahəbə fəaliyyət göstərir, amma belə hadisə ilk dəfədir ki, başlarına gəlir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, problemlə əlaqədar danışıqlar aparılır, nəticəsinə uyğun olaraq məlumat veriləcək.
Gəmilərin məxsus olduğu “Caspian Marine Services” şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə deyilib ki, Eritreya ərazisində saxlanmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Vurğulanıb ki, aparılan danışıqların nəticəsi olaraq gəmilər daha geniş əraziyə malik limana gətirilib, heyət gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.