Bu gün 25 dekabr 2024-cü ildə Bakı-Qroznı istiqamətində uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dəhşətli qəzaya uğraması nəticəsində həyatını itirən 38 nəfərin ölümünün 40-cı günüdür.
QAZİLER.AZ Moderator.az-a istinadən xəbər verir ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri, AZAL-ın əməkdaşları və bir sıra rəsmi nümayəndələr onları yad etmək üçün İkinci Fəxri xiyabana gəliblər.
Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qəza nəticəsində həlak olan pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun ailəsinə başsağlığı verib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.