Mina və ya digər partlamamış hərbi sursatlarla davranmaq haqqında maarifləndirmə işləri davam etdirilsə də belə faciəli hadisələr yenə də baş verir.
ANAMA yanında İctimai Şuranın üzvü, Azərbaycan Minadan Zərərçəkənlərin Assosasiyasının sədri Rey Kərimoğlu bu gün Ağcabədinin Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələn partlayışa münasibət bildirib.
Dadisədən kədərləndiyini qeyd edən Rey Kərimoğlu Qaziler.az-a bunları deyib:
"Ağcabədidə fərdi yaşayış evində baş verən partlayış hamı kimi məni də sarsıtdı. Bilməyənlər üçün deyim ki, uzun illərdir Azərbaycanda mina və partlamamış hərbi sursat təhlükəsindən insanları qorumaq üçün Azərbaycan dövləti, ANAMA, BAMF, bir çox QHT-lər, bir çox dövlət qurumları maarifləndirmə işləri aparır. Partlamamış hərbi sursatdan ehtiyatlı olmaq, rast gələrkən necə davranılması haqda maarifləndirmə işləri çox aparılsa da görünür azdır, bunu durmadan davam etdirmək lazımdır. Çünki bu gün partlayış olmuş həmin ərazidə, yəni Ağcabədinin Hindarx qəsəbəsində də bir neçə dəfə maarifləndirmə işləri aparılıb. Buna baxmayararaq bu gün belə dəhşətli hadisə baş verib.
Bu faciəli hadisədən mən də kədərlənirəm. Partlayış nəticəsində həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bir daha çağırış edirik ki, mina və digər hərbi sursatlara rast gələrkən ehtiyatlı olmaq,onlara toxunmamaq lazımdır. Belə hərbi sursatlara rast gələrkən dövlət orqanlarına, 102 xidmətinə məlumat verin. Əks-təqdirdə belə faciəli hadisələr baş verir.
Bir daha qeyd edirəm ki, cəbhəyanı ərazilərdə BAMF, ANAMA-nın, dövlət orqanlarının, BMT-nin xətti ilə mütəmadi maarifləndirmə işləri aparılır, bu işlər bir gün belə dayandırılmayıb.
Mən ANAMA yanında İctimai Şuranın üzvüyəm. İctimai Şuranın üzvləri dəfələrlə regionlarda olub, mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparıb, mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılması üçün ərazilərdə görüşlər keçirib. Biz minadan zərər çəkənlərlə görüşmüşük, onlara gücümüz çatan hüquqi və digər yardımlar etmişik. Bir daha ÇAĞIRIŞ EDİRİK: PARTLAMAMIŞ HƏRBİ SURSATLARA RAST GƏLƏRKƏN EHTİYATLI OLUN! DƏRHAL AİDİYYATLI ORQANLARA MƏLUMAT VERİN Kİ, BELƏ FACİƏLƏR BAŞ VERMƏSİN!"
QAZİLER.AZ