Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, KİM ÖDƏMƏLİDİR?

Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa,  KİM ÖDƏMƏLİDİR? backend

Torpaqlarımız işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə start verilib.

Amma bu qayıdış prosesində bəzən mübahisəli məqamlar da nəzərə çarpır.

Oxu.Az xəbər verir ki, şikayətçi vətəndaşlardan biri evində 32 il yaşamış keçmiş məcburi köçkünlə mübahisəsi olduğunu qeyd edib.

Vətəndaşın sözlərinə görə, həmin ailə evdən köçərkən su üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə 367 manat borc saxlayıb və ödəniş etməkdən imtina edir.

Maraqlıdır ki, mövcud situasiyada problem necə həll edilməlidir? Borcu hansı tərəf ödəməlidir?

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 2017-ci ilə qədər məcburi köçkün statusu olan şəxslərin su və məişət tullantılarının daşınmasına görə olan borcları müvafiq normalar həddində birbaşa kommunal xidmət təşkilatına ödənilirdi:

"2017-ci ildən etibarən isə kommunal xərclər üçün ayrılan vəsait məcburi köçkünlərin özlərinə ödənilib. Onlar da həmin müavinətdən kommunal borclarını ödəməli idilər. Görünür, həmin evdə yaşayan keçmiş məcburi köçkün uzun müddət ödənişi etməyib və elə bir borc yaranıb.

Belə təqdirdə, artıq bu məsələ evin sahibi və keçmiş məcburi köçkün arasında həll edilməlidir. Əgər keçmiş məcburi köçkün israrla borcu ödəmirsə, o zaman ev sahibi məhkəməyə müraciət edə bilər. Çünki borcu keçmiş məcburi köçkün ödəməlidir, onlara kommunal borcları ödəmək üçün vəsait ayrılıb".

Diaspora