Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilməkdədir. Bu işlər çərçivəsində kəndin elektrik və su xətləri, qaz təchizatı, eləcə də kanalizasiya şəbəkəsi yenidən inşa olunub.
Trend-in əldə etdiyi məlumata görə, bu işlərin davamı olaraq kəndin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işləri növbəti dəfə yaxşılaşdırılacaq.
Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Qurum kənddə sözügedən işlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 29,9 milyon manat ödənilib.
Qeyd edək ki, Xıdırlı kəndində sözügedən işlərin icrasının həvalə olunduğu "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xatırladaq ki, Xıdırlı Kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra kənd Azərbaycana geri qaytarılıb.
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır.