İşğaldan azad olunmuş ərazilərimizdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir. Həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib.
Qaziler.az bildirir ki, Bu barədə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti görüşdə bildirilib.
Görüşdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Dost Aqropark” MMC və “Safe Point” QSC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərin təşkilində işəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
Qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə işəgötürənlərlə birgə görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.