Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Romanın Tor Verqata Universitetində “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda keçirilən konfransda çıxışı zamanı Xocalı faciəsi ilə bağlı ədalətə nail olmaqda Azərbaycana dəstək verməyə çağırıb.
Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında bildirib ki, Azərbaycan Dağlıq Qarabağ regionunda fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edir: "Həmin gecə törədilən qanlı qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 487 nəfər ağır şəkildə yaralanıb və çoxlu sayda həmvətənimiz itkin düşüb. Faciənin törədildiyi o gecə əbədi olaraq yaddaşımızda və qəlbimizdə yaşayacaq. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər etdikləri əmələ görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıb, əksinə bu gün Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar.Mən, sizi bu faciəni törədən şəxslərin cəzalandırılmasına və Xocalı ilə bağlı ədalətə nail olmaqda Azərbaycana dəstək verməyə çağırıram. Bu faciənin dünyada tanıdılması istiqamətində müvafiq səylərin artırılması bu məqsədə çatmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Deputat vurğulayıb ki, Azərbaycan torpaqlarının 20%-i uzun illərdi ki, qonşu Ermənistan tərəfindən işğala məruz qalıb: “Çoxsaylı beynəlxalq qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı qətnamələri hələ də yerinə yetirilməmiş olaraq qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biridir. Bu münaqişə nəticəsində yüz minlərlə insanın həyatı zərbə almış və məcburi köçkün və qaçqın həyatı yaşamağa vadar edilib. Azərbaycan hökuməti bu təsirə məruz qalmış insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də onların əsas problemi, yəni doğma yurd-yuvalarına qayıdışı və əvvəlki həyatlarını bərpa etməsi hələ də əlçatmaz olaraq qalır. Yeri gəlmişkən, 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsini yüksək dəyərləndiririk".
Millət vəkili onu da bildirib ki, belə tədbirlərin Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında mühüm rolu var: "Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan müxtəlif dinlər və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural cəmiyyətdir. Çoxları Azərbaycanın dünyada milli və dini tolerantlıq nümunəsi ola biləcəyinə inanır. Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi, eləcə də digər mühüm sahələrdə Avropa İttifaqı ilə yaxın və çox yaxşı qonşuluq əlaqələrinə malikdir. Biz Aİ-yə strateji tərəfdaş kimi baxırıq və aramızda imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunun bariz göstəricisidir".
Onun sözlərinə görə, xüsusilə İtaliya ilə Azərbaycanın güclü siyasi, iqtisadi və mədəni əlaqələri var: "Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır və bəzi əsas enerji layihələrimiz İtaliya vasitəsilə reallaşdırılır. Ölkələrimiz arasındakı mədəni əlaqələr hətta Azərbaycanın müstəqilliyinin bərpasından uzun illər əvvəllərə təsadüf edir. Hələ Sovet dövründə, 1972-ci ildə İtaliyanın Neapol və Azərbaycanın paytaxtı Bakı şəhərləri qardaşlaşmış şəhərlər elan edilmişdir. Bu isə öz növbəsində iki ölkə arasındakı mədəni əlaqələrin göstəricisidir. Azərbaycan eyni zamanda, Vatikan ilə də yaxşı əlaqələrə malikdir. Artıq bir əsrdən çox müddətdir ki, Azərbaycanda Roma katolik Kilsəsi fəaliyyət göstərir. 2002-ci ildə Roma Papası II Con Pol Azərbaycanda səfərdə olub və o vaxtdan iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub".