Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünyanın ən böyük mühəndislik institutlarından biri olan Mühəndislik və Texnologiya İnstitutunun (Böyük Britaniya) təşkil etdiyi “Mükəmməllik və İnnovasiya Müsabiqəsi”ndə “Sosial Təsir Texnologiyaları” kateqoriyası üzrə qalib seçilib: https://innovationawards.theiet.org/the-awards/winners
Qaziler.az bu barədə nazirliyin məlumatına istinadla xəbər verir.
Müsabiqəyə nazirliyin rəqəmsal layihələri barədə məlumatlar təqdim edilib. Münsiflər heyəti əhaliyə dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində elektron həllərin tətbiqi ilə bağlı qurumun son illər əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib.
Sözügedən müsabiqədə Azərbaycanla yanaşı, Çin, Böyük Britaniya, Türkiyə və digər dövlətlərdən texnologiya sahəsində fəaliyyət göstərən 100-ə yaxın dövlət və özəl müəssisələr iştirak ediblər.
Mühəndislik və Texnologiya İnstitutu tərəfindən təşkil olunan “Mükəmməllik və İnnovasiya Müsabiqəsi” texnologiya və mühəndislik sahəsində fərqlənən müəssisələri və fərdləri tanıtmaq məqsədi daşıyır.