Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə Qaziler.az AZAL-a istinadən xəbər verir.
"Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Qeyd edək ki, AZAL ötən il dekabrın 25-dən etibarən Rusiyanın iki şəhərinə, dekabrın 28-dən isə səkkiz şəhərinə uçuşları dayandırıb. Bu qərar, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində baş verən qəzası ilə bağlı aparılan araşdırmaların ilkin nəticələri və uçuş təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib.
Uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
- Qroznı
- Mahaçqala
- Mineralnıye Vodı
- Soçi
- Volqoqrad
- Ufa
- Samara
- Saratov
- Nijni Novqoroq
- Vladiqafqaz
Bu qərar təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilmiş və araşdırmalar yekunlaşana qədər qüvvədə qalacaqdır.