Bakıda tikiləcək yeni metrostansiyalar tıxaca necə təsir edəcək? - RƏY

Bakıda tikiləcək yeni metrostansiyalar tıxaca necə təsir edəcək? - RƏY backend

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində son vaxtlar Bakıda bir neçə metro stansiyasının istifadəyə verildiyini və daha 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqladı.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə bildirib ki, Bakıda yeni metrostansiyaların tikilməsi xəbəri sevindiricidir:

"Bu, şəhər nəqliyyatına müsbət təsir edəcək. Bakı şəhərində 57 ildir metro fəaliyyət göstərir. Metronun 3 xətti var. Yalnız 2 deposu var. Düşünürəm bu qərarla 3-cü xəttin deposu da tikiləcək. Və xətlərin ayrılması da mütləq olan layihələrdəndir ki, bu da mövcud 3 xəttin müstəqil fəaliyyətini təmin edəcək, sərnişin axınını parçalayacaq və yerin üstündəki nəqliyyatın da yükünü azaldacaq. Həmçinin, yerin üstü ilə inteqrasiyası təşkil olunmalıdır və bu mənada şəhərdə yeni bir hərəkətlilik üçün fürsətlər yaranmış olacaq".

Ekspert yeni tikiləcək metro stansiyaların paytaxtda tıxaca necə təsir edəcəyinə də toxunub.

"Böyük şəhərlərdə tıxac gözlənilən bir haldır. Amma tıxacın alternativi məhz çeşidli üstünlüyü, maliyyə dayanıqlığı təmin olunmuş ictimai nəqliyyat növləridir. Bunlarda da əsas yükün götürülməsi rels nəqliyyatı, yerin altında metro, yerin üstündə şəhərüstü elektrik qatarı, hansı ki, bu da yerüstü metro funksiyasını daşımalıdır və bunun üçün də əlavə qatar sayı, əlavə stansiyalar tikilməlidir, həmçinin də intensiv hərəkət təmin olunmalıdır. Bunları əlaqələndirən avtobus, marşrut şəbəkəsi, həmçinin, keçən il ərzində icra olunmuş mikromobillik zolaqları da bu şəbəkənin tamlığını təmin edəcək. Bu növlərə investisya artırılmalıdır. Onların üstünlüyün təmini yönümündə nəzarət mexanizmi gücləndirilməlidir ki, insanlar sürətlə, komfortla təhlükəsiz şəkildə bir məntəqədən digərinə gedə bilsinlər və ən dəyərli vaxtlarını səmərəli istifadə edə bilsinlər", - o əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev isə açıqlamasında bildirib ki, yeni metro stansiyaları, şəhər ətrafından mərkəzdəki iş və yaşayış zonasına doğru olan nəqliyyat sıxlığını azaldacaq.

"Bu, həm avtomobil, həm də avtobusla gedən sərnişinlərin rahatlığını artıracaq. Nəticədə şəhərdəki yol hərəkəti azalacaq və tıxacların qarşısı xeyli alınacaq. Metro xüsusilə, sıx bölgələrdə yaşayan və ya hər gün işə gedən insanlar üçün daha rahat və təhlükəsiz nəqliyyat vasitəsi kimi təklif edilir. Bu, xüsusən sıx trafikdə avtomobillə hərəkət edənlər üçün əhəmiyyətli rahatlıq yaradacaq. Bu nəqliyyat növü, avtonəqliyyat vasitələrindən daha ekoloji cəhətdən təmizdir. Avtomobillərin istifadəsinin azalması, atmosferdə yayılan zərərli qazların miqdarını azaltmaqla ətraf mühitin qorunmasına kömək edəcək. Yeni stansiyalar sayəsində müxtəlif ərazilər arasında daha qısa müddətə, daha səmərəli əlaqə qurulacaq. Bu, həm şəhər daxilindəki, həm də şəhərdən kənara gedən sərnişinlər üçün nəqliyyatın əlçatanlığını yaxşılaşdıracaq", - ekspert deyib.

F.Əliyev onu da vurğulayıb ki, yeni stansiyalar yeni iş yerlərinin açılmasına səbəb olacaq:

"Tikinti və fəaliyyət sahələrində iş yerləri yaranacaq, həmçinin yeni metro xətləri üzərində ticarət və xidmət sahələrinin inkişafı mümkündür. İctimai nəqliyyatın əlçatanlığı artdıqca, daha çox insan metrodan istifadə edəcək. Bu da sosial bərabərsizliklərin azaldılması baxımından mühim bir amildir, çünki metro hər gəlir qrupundan olan insanlara bərabər şəkildə xidmət göstərə bilər", - deyə o qeyd edib.

Diaspora