Ötən il Azərbaycanda 249 min 847 baş itə quduzluq əleyhinə peyvənd vurulub.
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən məlumat verilib.2014-cü ildə 2 milyon 773 min 943 baş iribuynuzlu, 7 milyon 474 min 653 baş xırdabuynuzlu, 100 min 669 baş təkdırnaqlı, habelə 7850 baş donuzda qarayara, 2 milyon 786 min 248 baş iribuynuzlu, 3 milyon 309 min 178 baş xırdabuynuzlu heyvanlarda dabaq, 6 milyon 127 min 417 baş qoyunda çiçək və digər yoluxucu xəstəliklər əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.
Keçən il "quş qripi"nə görə 5 dəfə aparılan seromonitorinq zamanı çöl və ev quşlarından 7 min 278 qan nümunəsi götürülüb və patoloji material Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.
Eyni zamanda, quduzluğa həssas vəhşi heyvanlarda oral üsulla vaksinasiya aparmaq üçün 50 min doza peyvənd vasitəsi alınıb. Peyvəndlərin Şəki-Zaqatala və Abşeron yarımadasında tətbiqi planlaşdırılır.