DSMF Ağcabədidə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

DSMF Ağcabədidə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib backend

DSMF “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ağcabədidə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

“Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı tədbirdə
sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran çoxsaylı suallara
aydınlıq gətirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq orqanlarla birgə həyata
keçirdiyi tədbirlər nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək
pensiya təminatı hüquqlarının qorunması məqsədilə qeyri-leqal əmək
münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı
məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması təmin
olunmaqdadır. Görülən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində 2014-cü
il ərzində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və
ya 223 mln. manat, sosial sığorta gəlirləri isə 10,2 faiz və ya 160,8 mln.
manat artıb.

Bu barədə fevralın 24-də Fondun “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ağcabədidə keçirdiyi “Sosial
sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı
günü”-vətəndaş forumunda məlumat verilib. Azərbaycanın sığorta-pensiya
sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Ağcabədi,
Laçın Zərdab və Ucar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar
qatılıb.

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkə
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi
siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə
sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını
formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi
beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi
artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət
mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər
əsasında yüksəldilməsini təmin etməkdədir. DSMF-nin genişləndirilmiş
informasiya komunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi
hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial
sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki,
bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha
da güclənməsinə istiqamətlənib.

2014-cü ildə 6 yeni elektron xidmət aktivləşdirilərək “Elektron hökumət”
portalına inteqrasiya edilib. “Elektron hökümət” portalının statistikasına
əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin
elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də “elektron
hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə ümumilikdə 1 milyon
380 minə yaxın istifadə sayı qeydə alınıb. Eyni zamanda, əhaliyə göstərilən
elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli
orqanlarında təşkil edilmiş yardım masaları fəaliyyətini davam etdirib. Dünya
Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət
sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması
nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən
yüksək göstəricidir.
F.Qədimov bildirib ki, sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət
sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz
fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı
olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni
2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında
aktivlik göstərməlidirlər. Çunki avtomatlaşdırılmış pensiyə təyinatı yalnız
sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii
ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa,
hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.
Forumda qeyd olunub ki, qarşıda duran vəzifələr vətəndaşlara göstərilən
xidmətlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə “Sosial sığorta haqqı əmək haqqına üstəliyin əsas forması kimi”
adlı təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev deyib ki,
sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar
haqqında məlumatların qəbulu, həmin məlumatların fərdi uçot sistemində
yerləşdirilməsi, onlar üçün fərdi hesab açılması və sosial sığorta nömrəsinin
verilməsi prosesi uğurla davam etdirilib. 2015-cü ilin 1 fevral tarixinə 2
milyon 993 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib, onlar
üçün fərdi hesab açılıb. Fərdi uçota alınanların sayı 2014-cü il ərzində 285
min nəfərdən çox artıb.

Forumda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla
aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək
məqsədilə 900-ə yaxın bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq
pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı
yaradan “Pensiya+”xidməti, sosial sığorta haqlarının onlayn ödənişi və
elektron hesabat təqdim edilməsi, habelə Fondun əhaliyə və sığortaedənlərə
təqdim etdiyi digər çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara
ətraflı məlumat verilib. Həmçinin, vətəndaşların “elektron hökumət” üzrə
məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan
sonra da davam etdiriləcəyi vurğulanıb.
Regional “Açıq qapı” günündə iştirakçıların mövzu ilə bağlı təklifləri
müzakirə olunub, sualları cavablandırılıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektor
Diaspora