Dövlət Komitəsinin nümayəndələri İstanbulda sərgidə iştirak ediblər

Dövlət Komitəsinin nümayəndələri İstanbulda sərgidə iştirak ediblər backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı tərəfindən "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində təşkil olunmuş sərgidə iştrak ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilən sərgidə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində komitənin hazırladığı təbliğat-məlumatlandırma işləri nümayiş olunub. Sərgi iştirakçılarına çatdırılıb ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı göstərilir, onlarla bağlı məsələlərin həllinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir.

Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası sədrinin müavini, Türkiyədə Azərbaycan diasporunun təmsilçisi Pərviz Məmmədzadə çıxışında qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.  O, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı layihələrin daha çox sayda və daha yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdış mövzusunda hazırlanmış videçarxlar barədə məlumat verərkən deyib: “Biz burada nümayiş olunan videoçarxlarla işğaldan qurtarılmış  torpaqlarda həyatın necə yenidən canlandığını, uşaqların sevinc dolu gözlərini, insanların quruculuq işlərindəki əzmini əks etdiririk. Bu, sadəcə, yaşayışın bərpası deyil, həm də xalqın öz ruhunu və mənəvi dəyərlərini torpaqlarında yenidən canlandırmasıdır. Qarabağ bu gün təkcə bizim deyil, gələcək nəsillərin də mədəniyyət mərkəzi, vətən sevgisinin simvoludur”.

Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış ilə bağlı videoçarxlar sərgi iştirakçılarında böyük maraq doğurub.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Laçın rayonundan məcburi köçkün Elnarə Rəsulovanın yaradıcılıq işlərindən nümunələr, o cümlədən xalçalar və antik əşyalar da nümayiş olunub. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb. Həmçinin ötən ilin may ayında Türkiyənin İzmir şəhərində keçirilən “Qızıl alma” Beynəlxalq Turan Film Festivalında Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Dövlət Komitəsinin nümayəndələri festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

Diaspora