DİM: İmtahan qaydalarını pozan şəxs azadlıqdan məhrum edilib

DİM: İmtahan qaydalarını pozan şəxs azadlıqdan məhrum edilib backend

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb.

Qaziler.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.

Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır:

"Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib.

Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib".

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

Diaspora