Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Qaziler.az nazirliyin saytına istinadla xəbər verir ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq Hüzn Günü;
8 Mart–Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
30, 31 mart –Ramazan bayramı;
9 May –Faşizm üzərində Qələbə günü;
28 May–Müstəqillik Günü;
6, 7 iyun–Qurban bayramı;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr–Zəfər Günü;
9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.