Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) məlumat verilib.
Beləki, İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) növbəti ictimai müzakirə təşkil edib. Müzakirələrdə Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli ortoped-travmatoloqları iştirak ediblər.
Müzakirədə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova giriş sözü ilə çıxış edib: “Cari ildən etibarən Xidmətlər Zərfinin yenilənməsi ictimai müzakirələr şəklində həyata keçirilir. Bu prosesdə müxtəlif sahələr üzrə həkimlərin dəstəyinə ehtiyac duyulur. Bugünkü müzakirələrin məqsədi yenilənəcək Xidmətlər Zərfində travmatoloji xidmətlərlə bağlı ixtisas həkimlərinin fikirlərini və təkliflərini öyrənməkdir”.
Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, Xidmətlər Zərfinin daha effektiv və əhatəli şəkildə yenilənməsini təmin etmək üçün ixtisas həkimlərini prosesə cəlb etmək vacib əhəmiyyət daşıyır:
"Xidmətlər Zərfi ilə çalışan həkimlərin işinin səmərəli təşkili üçün bəzi xidmətlərin adlarının daha aydın və dəqiq şəkildə yazılması, o cümlədən yeni xidmətlərin əlavə edilməsi planlaşdırılır".
Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib.
"Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu təsnifatına əsasən travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir", - S. Hüseynzadə
Bundan əlavə, o bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən Xidmətlər Zərfində nizamlanacağını da qeyd edib.
Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.