Bu beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu

Bu beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu backend

Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

QAZÍLER.AZ  Publika.az-a istinaden  bildirir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.

Əvvəlcə komitə sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib, sənədin zəruriliyini qeyd edib.

Layihəyə əsasən, qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.

Sonra Azər Əmiraslanov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Dəyişikliklərdə bələdiyyələrə ödənilən xidmət haqlarının və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Növbəti məsələni – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.

Nəzərə çatdırılıb ki, sənəddə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda müvafiq düzəlişin edilməsi təklif olunur.

Bununla yanaşı, sənəddə uyğunlaşma çərçivəsində bir sıra qanunlarda “Elektron hökumət portalı” sözlərinin “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilməsi və bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.

Gündəliyin digər məsələsi – “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verən Məhəmməd Bazıqov qeyd edib ki, layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur.

Sonra tədbirdə Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Bildirilib ki, sənəddə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.

Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına salınması, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.

Komitə üzvləri gündəlikdəki 5 məsələnin hər birini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Diaspora