Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” çərçivəsində minadan zərərçəkənlərin statistikası dəqiqləşdirilib, onların ehtiyacları öyrənilib. Rayonda işlərini yekunlaşdıran layihənin işçi heyəti Bakıda, Abşeron və Sumqayıtda minadan zərərçəkənlərin siyahısını dəqiləşdirib.
Bu barədə QAZİLER.AZ saytına AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, artıq işlər yekunlaşmaq üzrədir:
“Layihənin bütün işçi heyəti, “Çıraq” Humanitar ictimai birliyinin sədri, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, mina qurbanları, AMZA-nın idarə heyətinin üzvləri Ruhin Vəliyev, Vidadi Məmmədzadə və Babaşov Xəzər regionda, daha sonra Bakıda, Sumqayıt və Abşeronda çalışıblar. Proses artıq sona yaxınlaşır. Layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir. Layihə çərçivəsində məqsəd minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirməkdir. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq proqram olan IMSMA (İnformasiyanın İdarə Edilməsi Sistemi) agentləri ilə sorğular keçirilib.
ANAMA rəhbərliyi çox sağ olsun, bu blankın əldə edilməsində və hazırlanmasında, digər işlərdə bizə yaxından dəstək verir. Toplanacaq məlumatlarla mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması, azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanmasında istifadə etməyi nəzərdə tuturuq. Bu, mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək".
QAZİLER.AZ