AMEA-nın 70 illiyinə Arxeologiya və Etnoqrafiya İnstitutundan yeni kitab

AMEA-nın 70 illiyinə Arxeologiya və Etnoqrafiya İnstitutundan yeni kitab backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr edilmiş “Azərbaycanda arxeoloji tədqiqatlar: 2013 – 2014” adlı kitabın elmi təqdimatı keçirildi.

Təqdimatı giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova ölkə rəhbərliyinin arxeologiya elminə diqqət və qayğısından, 2013 – 2014-cü illərdə respublika ərazisində İnstitutun ekspedisiyalarının apardığı qazıntılar və bu tədqiqatların qədim tariximizin öyrənilməsində əhəmiyyətindən danışdı.

Təqdimat tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova iştirak etmişlər.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirmişdir ki, Azərbaycan arxeologiya və etnoqrafiyası Azərbaycanın xalqının qədim tarixini, maddi və mənəvi mədəniyyətini tədqiq edən, prioritet elm sahələrindən biridir. Azərbaycan dövləti də daim milli arxeologiyamıza və etnoqrafiyamıza diqqət və qayğısını əsirgəməmişdir.



AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov öz çıxışında Azərbaycan xalqının maddi və mənəvi sərvətlərinin bəzi bədxah əcnəbi qüvvələr tərəfindən əsassız mənimsənilməsinə qarşı Azərbaycan arxeoloqlarının və etnoqraflarının elm müstəvisində layiqli mübarizəsindən söz açdı.
AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə, AMEA-nın 70 illik yubileyini elmdəki uğurları əsasında layiqlə qarşılayan elm ocaqları arasında Arxeologiya və Etnoqrafiya İnstitutunun önəmli yer tutduğunu bildirdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova isə çıxışında bildirmişdir ki, 2008-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Prezidentin Ehtiyat Fondundan arxeoloji və etnoqrafik tədqiqatlara ayrıca maliyyə dəstəyi, Göytəpə (Tovuz) və Muğan – Babazanlı arxeoparklarının yaradılması barədə Prezidentimizin sərəncamları arxeoloji və etnoqrafik tədqiqatlara dövlət qayğısının bariz göstəricisidir. Həmçinin, M. Rəhimova bildirdi ki, ABŞ, Fransa, Almaniya, Rusiya, Yaponiya, Koreya, İtaliya və d. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti, qeyd edilmiş qabaqcıl dövlətlərdə mütəmadi keçirilən beynəlxalq elmi konfranslarda arxeoloqlarımızın və etnoqraflarımızın fəal iştirakı Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin dünya səviyyəsində tanınmasından xəbər verir. M. Rəhimova vurğulamışdır ki, son dövrlərdə Azərbaycan arxeoloq və etnoqraflarının danılmaz uğurlu tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyi üçün layiqli töhfə sayılmalıdır. Bu kontekstdə, İnstitut tərəfindən AMEA-nın 70 illik yubileyi münasibətilə yeni nəşr edilmiş “Azərbaycanda arxeoloji tədqiqatlar: 2013 – 2014” məqalələr toplusu tədbir iştirakçılarına təqdim edildi.



Təqdimat tədbiri boyunca Azərbaycan arxeoloqlarının son dövrlərdə respublika ərazisində apardığı elmi tədqiqatları əks etdirən virtual görüntülər nümayiş olunurdu.