Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Cenevrə Qlobal Media Mərkəzi (CQMM) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) əməkdaşlıq üçün müraciət edib.
Bu məqsədlə sözügedən təşkilatın rəsmisi Azzam Hassan BAMF-a məktub ünvanlayıb. CQMM rəsmisi əvvəlcə BAMF Prezidenti Umud Mirzəyevin simasında təşkilatın heyətini salamlayıb, təşkilatının media azadlığı, münaqişələrin həlli, təhsil və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrindəki BAMF-ın fəaliyyətinə dərin rəğbətini ifadə edib: “Cenevrə Qlobal Media Mərkəzi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi təqdirəlayiq fəaliyyətlərə dərin heyranlığını ifadə etmək istəyir. Mətbuat azadlığının təşviqi, münaqişələrin həllinə dəstək, təhsilin inkişafı və vətəndaş cəmiyyətinin gücləndirilməsi kimi dəyərlər CQMM tərəfindən də yüksək qiymətləndirilir.”
CQMM-nin tarixi, missiyası haqqında ətraflı məlumat verən A.Hassan BAMF-a CQMM-nin adından jurnalist təhlükəsizliyi sahəsində əməkdaşlıq təklif edib. CQMM rəsmisi bu əməkdaşlığın iki qurumun birgə platforma yaradaraq, beynəlxalq səviyyədə jurnalist təhlükəsizliyini təmin etmək və media azadlığını təşviq etməkdə önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb. A.Hassan onu da bildirib ki, BAMF və CQMM-nin bu təşəbbüsü, insan hüquqları müdafiəçiləri, media qurumları və beynəlxalq təşkilatlar arasında yeni bir əməkdaşlıq modelinin yaradılmasına imkan verəcək və təşəbbüs jurnalistlərin müdafiəsi üçün təcrübə mübadiləsi və beynəlxalq standartların tətbiqi üçün geniş imkanlar yaradılması nəzərdə tutulur. CQMM rəsmisi onu da vurğulayıb ki, təşkilatı BAMF-ın cavab məktubunu və əməkdaşlıqla bağlı müzakirələri səbirsizliklə gözləyir.
Xatırladaq ki, CQMM İsveçrənin Cenevrə şəhərində yerləşən və müstəqil jurnalistlər tərəfindən təsis edilmiş beynəlxalq qurumdur. Mərkəzin missiyası jurnalistlərin hüquqlarını qorumaq və media azadlığına dəstək olmaqdır.
ednews.net