Bərdə, Ağcabədi, Beyləqan və Füzuli rayonlarında minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.
Bu barədə QAZİLER.az saytına Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, Naftalan, Tərtər, Goranboy, Ağdam rayonlarından sonra layihə çərçivəsində yuxarıda adıçəkilən rayonlarda da işlər başlayıb. O, bildirib ki, layihənin bütün işçi heyəti, “Çıraq” Humanitar ictimai birliyinin sədri, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, həmçinin mina qurbanları Ruhin Vəliyev və Babaşov Xəzər regionda çalışırlar.
R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir.
O, layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəklərini deyib. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçirəcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tutur. Bu, mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək.
Layihənin icrası zamanı minadan zərərçəkənlərin bəzi problemləri olur ki, müxtəlif dövlət orqanları ilə əlaqə saxlanılaraq yerindəcə həllinə nail olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir.
QAZİLER.AZ