Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq.
“Report”un yerli bürosu məlumat verir ki, konsert noyabrın 26-da saat 18:00-da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.
Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri iştirak edəcək.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.
Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.