Hava şəraiti qeyri-sabit keçəcək

Hava şəraiti qeyri-sabit keçəcək backend

Noyabrın 17-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xidmət noyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Qobustan, Siyəzən, Hacıqabul, Şirvan, Salyan, Xaçmaz, Şabran, Xızı, Daşkəsən, Ağstafa, Gədəbəy, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Qax, Balakən, Zaqatala, Ağdam, Yardımlı, Lerik, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Yevlax, Bərdə, Tərtər, Tovuzda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Diaspora