"Şəhid Yadigarları" onları necə xatırlayır? - "Nə zaman dara düşsəm yuxuda mənə kömək olur"

"Şəhid Yadigarları" onları necə xatırlayır? - "Nə zaman dara düşsəm yuxuda mənə kömək olur" backend

Azərbaycan igid oğullarının şücaəti naminə bu gün dördüncü Zəfərini qeyd edir. Bizə Zəfəri yaşadanlar və onların ailələrinə ömür boyu minnətdarıq!

 

AzEdu.az Təhsil Portalı  “Şəhid yadigarı” rubrikasında müharibədə cəsarətlə iştirak edib, şəhid olan qəhrəmanların ailə üzvlərindən müsahibələr alır.

 

Həmin müsahibələrdə təhsil sferasında iştirak edən şəhid bacıları, övladları, yoldaşları yer alır.

 

Onlar şəhidlərlə bağlı xatirələrini bizimlə bölüşüblər.

 

Müsahibələrdən ən təsirli məqamları təqdim edirik...

 

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi Əlizahmint İsgəndərovun qızı Həqiqət İsgəndərli atasını belə yad edir:

 

1393944

“Sonuncu dəfə atamla bacımın ad gününü birlikdə qeyd etdik. Mənim ad günüm isə dərs vaxtına düşdüyü üçün ailəmlə keçirə bilmədim”.  

 

Atam söz verdi ki, müharibə bitsin gələcəm, sənin ad gününü birlikdə qeyd edəcəyik. Amma təəssüf ki, o günü görmək ona qismət olmadı”.

 

Azərbaycan Ordusunun kiçik çavuşu Saməddin Əmrahovun qızı Aysu Əmrahova atası barədə bunları söyləyir:

1393945

Mənim uşaqlıqdan bəri ilk və ən böyük arzum BDU-ya qəbul olmaq idi. Arzum reallaşsa da, təəssüf ki, atam bunu görə bilmədi.

 

Atamla getdiyimiz yerlərə təkrar getdikdə, sanki o, yanımdaymış kimi hiss edirəm.

 

Bir dəfə Novruz bayramında qonşumuza papaq atmağa getmişdim. Həmin adam mənlə zarafatlaşmaq üçün papağımı alıb geri qaytarmadı. Mən də o vaxtlar uşaq olduğumdan tez qaçıb bunu atama xəbər etdim. O isə güldü və mənlə bərabər gedib papağımı geri aldıq.

 

Ondan sonra qorxumdan bir də heç vaxt heç kimə papaq atmağa getmədim. Çünki artıq atam da yanımda deyil”. 

 

İkinci Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş Valeh Bədəlovun həyat yoldaşıdı Zeynəb Bədəlova bu sözləri söyləyir:

1393946

“Sonuncu dəfə qızım atasıyla danışanda dedi ki, “Ata, gəl mənə meyvə şirəsi al”.

Oktyabrın 5-dən 6-na keçən gecə 4-5 radələrində sonuncu dəfə mesajlaşdıq... “Mənim haqqımda kimdənsə, nə isə eşitsən inanma, mən özüm sənə xəbər verəcəm. Narahat olma geri dönəcəm”, - yazmışdı...

 

 Qızım “Ata hardadı, niyə gəlmir?”,- deyir. Ona deyirəm ki, ata cənnətdədir, biz də qocalanda onun yanına gedəcəyik. Onda da deyir ki, “Tez qocalaq, mən atamı görmək istəyirəm, heç onu görməmişəm”.

 

Bağçaya gedir, qayıdanda deyir ki, hamının atası var, bəs, mənim atam niyə gəlmir?...”.

 

ll Qarabağ müharibəsi şəhidi baş leytenantı və hərbi tibb qulluqçusu Azər Şəmilovun oğlu Fədayət Şəmilov oğlu atası barədə bunları deyir:

1393949

“Atam mənə Eynşteyn də deyərdi. Çox yaxşı xatırlayıram ki, dərsdən gələn kimi dərslərimi edirdim. Atam isə işdən gələn kimi onunla riyaziyyat məsələlərini müzakirə edirdik

 

Hər həftə sonu atam ilə babamgilə gedərdik. Onunla yol boyu etdiyimiz söhbətlər, müzakirələr həyatda ən sevdiyim anlar olub”.

 

Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidova atasının əziz xatirəsindən belə bəhs etdi:

1393950

Mən atamın şəhid olduğunu qəbul edə bilmirəm. Sanki o, yenə xidmətdə imiş kimi həyatıma davam edirəm. Çünki əksi olsa, mən heç vaxt uğur qazana bilmərəm. Atamın var oluşu ilə mən özümü toparladım.

 

Atamın qəbrini 4 ildə 2 dəfə ziyarət etmişəm. Mən atamı qəbiristanlıqda görmək istəmirəm…

 

Atamla bağlı son xatirəm onun döyüşə gedişi oldu. Mən onun son gedişini hələ də unuda bilmirəm. Atam həmin gün çox kədərli, sanki ağlamaqdan gözləri qızarmış kimi idi. Sonradan anladım ki, bəlkə də geri qayıtmayacağını bilirmiş...

 

Mən onu qucaqlasam da, ondan doya bilmədim...”.

 

İkinci Qarabağ müharibəsi şəhidi, müəllim Elgün Quliyevin bacısı Aysel Quliyeva qardaşı barədə bunları söyləyir:

 

1393951

“Elgün gedib, jurnalda öz səhifəsini doldura, ilk maaşını ala bilmədi…

 

Deyirdi ki, “Elə istəyirəm ki, müəllim olum, dərs keçim”. Bəlkə də Elgün ilk dərsini düşmənə keçdi…Tale onu Şuşa sıldırımlarından da uca mərtəbəyə, Şəhidlik Zirvəsinə apardı…

 

Mən onunla danışanda çox da irəli getməməsini söylədim. O, dedi ki, “Yox, niyə getməyim? İrəli aparanda soruşurlar, qorxuram deyəni aparmırlar”.

 

"Elgün de ki, qorxuram”,- dedim.

 

Amma o, mənə “Yox, qorxmuram”,- dedi və səs kəsildi…

 

9 noyabr müharibənin bitməsinə bir neçə saat qalmış Elgün şəhidlik zirvəsinə ucaldı…”.

 

Elgün qeydlərində “Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə də tarix yazdım” yazmışdı. O, bu dəftəri arxa cəbhədə qoyub, özü ön cəbhəyə getmişdi…”.

 

İkinci Qarabağ müharibəsində şəhid olan yeganə məktəb direktoru Elvin İmaməliyevin bacısı Günel İmaməliyeva qardaşı barədə bunları söyləyir:

1393953

“Maşına minib gedəndə gözünün altından bizə baxdı və mən ağladım. O baxış 4 ildir gözümün önündən silinmir…

 

Müharibəyə getdiyi müddətdə 1 dəfə danışa bildik. Çox peşmanam, kaş çox danışardım.

 

Nə zaman dara düşsəm, həyəcan stress yaşasam, yuxuda mənə kömək olur. O, yuxuda mənə nəyisə deyir, yolumu işıqlandırır, pis mərhələlərdən keçirir.

 

Atam ona qurban demişdi. Qurbanlıqlar qapıya gələndə Elvinin şəhid xəbəri gəldi…”.

 

İkinci Qarabağ müharibəsində şəhid olan yeganə məktəb direktoru Elvin İmaməliyevin həyat yoldaşı Əsmər İmaməliyeva onunla bağlı bunları söyləyir:

 

 

 

 

 

1393954

“O, müharibədə olanda oğlumun ad günü idi. Elvin danışanda dedi ki, “Mən nə vaxt qayıtsam, böyük ad günü keçirərik”.

 

Biz bu sözdən sonra Tunarın ad gününü qeyd etmədik…

 

Uşaqlar qəbirsanlığa gedəndə deyirlər ki, “Bura atamızın evidir”.

 

Kiçik oğlum deyir ki, “Atam nə vaxt gələcək?” Tez-tez təkrarlayır ki, atam əsgər gedib, düşmənləri öldürüb, qayıdacaq. O, elə o fikirlə yaşayır”.

Diaspora