Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib

Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 37 nəfər Qarabağ müharibə veteranı çalışır. 8 Noyabr – Zəfər günü ərəfəsində onlarla görüş keçirilib.

Komitədən Qaziler.az-a bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu, bu qələbəyə şəxsi töhfə verən hər bir həmvətənimizin yüksək hörmət və ehtirama layiq olduğunu vurğulayan komitə sədrinin müavini  Fuad Hüseynov keçmiş döyüşçülərə rəhbərliyin bayram təbrikini çatdırıb. Görüş iştirakçıları torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Bildirilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə veteranlarına diqqət, qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsi üçün tədbirlər görüb.

Qeyd olunub ki, erməni faşizmi üzərindəki möhtəşəm Zəfər uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri dönüşünə imkan yaradıb.  Qələbədən ötən dörd il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrində keçmiş məcbur köçkünlərin məskunlaşdırılması davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla həyata keçirilməsində iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Xanlar Məmmədəliyev, Bayram Vəliyev, Nicat Cəlilov və başqaları çıxış edərək, dövlətimizin onlara göstərdikləri diqqət və qayğıdan məmnunluqlarını bildirib, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, məcburi köçkünlərin qayıdışı nəticəsində doğma yurd yerlərimizin yenidən canlanmasına ürəkdən sevindiklərini vurğulayıblar.

Görüş iştirakçıları daim qələbənin nəticələrini qorumağa, ölkəmizin dinamik və davamlı imkişafına  töhfə verməyə çalışacaqlarını, cəmiyyətimizdə vətənpərvərliyin təbliğində fəal  iştirak edəcəklərini bildiriblər.   

Diaspora