Bayram Səfərov: “Bu, nə sözdür? Qaçqın-yerli söhbəti eləmək lazım deyil” Tanınmış aktyor-şoumen Qorxmaz Əlilinin məcburi köçkünləri təhqir etməsi etirazlara səbəb olub. Məlumata görə, Q.Əlili sosial şəbəkədə Azərbaycanın ən qocaman jurnalistlərindən olan Şirməmməd Hüseynovun televiziyadakı çıxışına münasibət bildirərkən qaçqın və məcburi köçkünlərin heysiyatına toxunan ifadələr işlədib.
O, ANS-də yayımlanan “İstiqlal Şirməmməd Hüseynovla” layihəsindən bir hissəni paylaşaraq yazıb: “Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. İyirmi faiz əsl qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər”.Lakin ardınca tanınmış aktyor şəxsi facebook səhifəsində qaçqınlar haqqında yazdığı statusa görə, üzrxahlıq edib. (ans) O, həftə.az saytına bildirib ki, bəzi mətbu orqanlar onun fikirlərini yozaraq cəmiyyətə səhv təqdim edib: “Mən qeyd olunan fikri bütün qaçqınlara aid etməmişəm. Sözüm əyri yollarla pul qazananlara olub, yazımı diqqətlə oxusunlar. Sadə qaçqınların vəziyyəti göz qabağındadır. Dövlətimiz onlar üçün evlər tikir, müxtəlif şəraitlər yaradır ki, dərdləri bir az azalsın. Yazdığım statusu pis niyyətli insanlar şişirdərək, nifaq salmaq istəyirlər. Onlara heç kim ixtiyar verməyib ki, mənimlə danışmadan bu haqda yazsınlar. Mövqeyim olmadan istədikləri şəri-böhtanı tirajlayırlar. Bu gün mətbuata gələnlər əllərinə indilərdə qələm, klaviatura dəyənlər bilsin ki, mən hər zaman qaçqınların mövqeyini müdafiə etmişəm. 1991-1993-cü ildə cəbhə bölgəsində konsert verəndə hər zaman qaçqınların tərəfini saxlamışam. 2000-ci ildə meyxana konserti zamanı qaçqınlara qarşı xoş olmayan ifadə işlədən meyxanaçını özüm şəxsən efir vaxtı acılamışam. Mənə qarşı tənqid yazan insanlar görünür sözümə tuş gələn şəxslərdir ki, bu onlara belə təsir edib”, - deyə Qormaz Əlili vurğulayıb.
Lakin Q.Əlilinin ilkin fikirləri etirazlara səbəb olub. Hətta məsələyə icma rəhbəri səviyyəsində reaksiya verilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Yeni Müsavat”a açıqlamasında qaçqın və məcburi köçkünlərin aşağılanmasına etirazını bildirdi: “Qaçqınlar gələndə əmlakını, torpağını qoyub gəlib. Amma qaçqın-köçkün Bakıya gələndə ağlını, düşüncəsini də gətirib. Mən evimin əşyalarını, pal-paltarımı belə qoyub gəlmişəm. Var-dövlətim orda qalıb. Amma mənim ağlım, beynim, şüurum özümdədir. Bizim camaat zəhmətkeşdir, gəlmişik, ağac əkmişik, yer belləmişik. Pul qazanan oğlan orda da qazanırdı, burda da qazanır”. B.Səfərov bölücülük edənləri qınadı: “Bu, nə sözdür? Qaçqın-yerli söhbəti eləmək lazım deyil. Ağlı, dərrakəsi olan adam harda olsa, pul qazanacaq, burda da, Moskvada da”.
Qarabağ Qaziləri Cəmiyyətinin sədri Etimad Əsədov da Qorxmaz Əlilinin dediklərinə münasibət bildirib: “Ümumiyyətlə, bir çox tanınmışlar, müğənnilər, şoumenlər zaman-zaman bu cür ifadələr işlədiblər. Bu yaxınlarda üzdəniraq xanım müğənni ona ”bazarlığı siz, yoxsa həyat yoldaşınız edir" sualına “Yox, özüm edirəm. Yoldaşım bazarlıq edərkən aldığı kartoflar müharibə veteranına oxşayır” cavabını vermişdi. Bununla onlar Azərbaycan incəsənət xadimlərinin istənilən kateqoriyadan - qaçqın, veteran, fəhlə və digərlərinə olan aşağılayıcı münasibətlərini ortaya qoyurlar. Dövlət qurumları bunun qarşısını almalıdır. Belə verilişlər, aparıcılar efirdən uzaqlaşdırılmalıdır. Belələri demək olar Azərbaycanın televiziya kanallarında fəaliyyət göstərirlər. Bu kanal qovur, o birində peyda olurlar. Cürbəcür, adları dəyişik verilişlərlə mənəviyyatsızlığı, vicdansızlığı, əxlaqsızlığı, Azərbaycan vətəndaşına uyğun olmayan şərəfsizliyi ortaya qoyurlar".
E.Əsədov Modern.az-a deyib ki, bu adamın mənəviyyatı, keçmişi, gələcəyi əlildir. “Bundan başqa nə deyə bilərəm? Yazıqlar olsun ki, Azərbaycanda belə ünsürlər, soy-kökü bəlli olmayan, əlil və zəlil olanlar var. Ar olsun, qaçqınları aşağılayanlara!”