Səhiyyə Nazirliyi respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması yoxlanışı, eləcə də laboratoriya müayinələrinin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Yoxlamalar zamanı orqanoleptik və fiziki-kimyəvi göstəricilərə görə 254, mikrobioloji göstəricilərə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.Bundan başqa, şadlıq evləri və iaşə müəssisələrində aparılan yoxlamalar zamanı həmin obyektlərdən 885 yaxma götürülüb, yaxma nümunəsində isə mikrobioloji çirklənmə aşkar edilməyib.
Nazirliyin məlumatında o da bildirilir ki, sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən, 2 botulizm hadisəsi baş verib, 2 zərərçəkən olub.
Qeyd edək ki, qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.