Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidə “Sosial müdafiə siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın rolu” mövzusunda ictimai dinləmə keçirilib.
Respublika Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyevdə Nazirlik yanında İctimai Şuranın üzvlərinin və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə iştirak edib. Əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan islahatlar və s. barədə məlumat verilib və müzakirələr aparılıb.
Asəf Əliyev tədbirdə Qarabağ əlillərinin problemləri ilə bağlı vacib məsələlərə toxunub.
Birliyin sədri Qaziler.az-a müzakirələr zamanı üç məsələni qaldırdığını bildirib:
"Dinləmə zamanı ilk toxunduğum məsələ, rəhmətə gedən qazilərin pensiyasının birbaşa həyat yoldaşına verilməsi oldu. Düzdür, pensiyaların təyinatı zamanı qazinin həyat yoldaşının əlillik dərəcəsi varsa, pensiya yaşına çatıbsa özünün və ya yoldaşının pensiyası arasında seçim edirlər və ya uşaqlar arasında bölürlər. Uşaqlar da 18 yaşına çatanda bu, dayandırılır. Ona görə də yaş həddinə və əlillik dərəcəsinə baxmayaraq rəhmətə gedən qazilərin pensiyasının birbaşa onun həyat yoldaşına verilməsi məsələsini qaldırdım.
İkinci məsələ, əlilliyi dayandırılmış, lakin ev növbəsində olan qazilərin evlərin verilməməsidir. Əlilliyi dayandırılan qazilər ev növbəsindən çıxarılır, bu isə doğru deyil.
Dinləmələrdə əlilliyin dayandırılması ilə bağlı müzakirələrdə mən də öz fikrimi bildirdim. Elə qazilər var ki, artıq 60 yaşına çatıb, indiyə qədər 20-25 ildən çox pensiya alıb, indi çağırıblar ki, sağlamsan və pensiyaları dayanır.. Bu məsələni də müzakirədə iştirak edənlərin diqqətinə çatdırdım", - deyə Asəf Əliyev bildirib.
QAZİLER.AZ