Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, 2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar gəmi gəzintisində fasilə yaranmışdı.
O qeyd edib ki, iki illik fasilədən sonra Mirvari gəmisi yenidən fəaliyyətə başlayıb.
“Bakı Bulvarında gəmi gəzintisi bu gündən bərpa edildi. Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə "Mirvari" gəmisi təmir işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.
Dəniz suyunun aşağı enməsi ilə əlaqədar artıq gəminin yeni ünvandan hərəkəti müəyyənləşdirilib. Əvvəl Sadko körpüsünün yanından hərəkət edirdisə, artıq dəniz vağzalının qarşısından hərəkətə keçəcək. Çünki burada dənizin dərinliyi gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan yaradır”, - deyə o qeyd edib.