Şəhid İsrafil İbrahimovun ad günü qeyd olundu - FOTO

Şəhid İsrafil İbrahimovun ad günü qeyd olundu -  FOTO backend

Oktyabrın 18-də Qarabağ uğrunda 44 günlük müharibənin şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun doğum günü qeyd edilib.

Bu barədə Qaziler.az saytına Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Şəhidin atası Zülfüqar İbrahimov və şəhidin əmisi, Xalq Artisti Mənsum İbrahimov tədbiri giriş sözü ilə açaraq, qonaqları salamlayıb.

Tədbir iştirakçıları "Şuşalı İsrafil" filminə də baxıblar.

"Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev, Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu tədbirdə çıxış ediblər.

Çıxışçılar İsrafilin qəhrəmanlığından, Azərbaycanda şəhidlik məqamından, ölkəmizdə dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışdılar. Onlar şəhidin ad gününün belə musiqili keçirilməsini təqdir elədilər", - R.Kərimoğlu deyib.

Rey Kərimoğlu onu da bildirdi ki, şəhid ailələri İsrafilin anasına hədiyyələr təqdim ediblər: " Lerikli şəhid İmaməlinin ailəsi adından İsrafilin şəkli əks olunan xalça da İ.İbrahimovun anasına təqdim olunub".

İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan olub. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 

QAZİLER.AZ

 

Diaspora