BQXK və BMT-yə müraciət olunub

BQXK və BMT-yə müraciət olunub backend

Ukraynada yaşayan azərbaycanlılar ölkənin münaqişə bölgəsində itkin və girov düşən mülki azərbaycanlılarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK), Ukrayna hüquq-mühafizə orqanlarına, BMT və ATƏT-in Kiyev ofisinə müraciət ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2014-cü ilin may ayından etibarən ölkənin Luqansk və Donetsk vilayətlərində əsasən Ukrayna vətəndaşları olan 10-a yaxın azərbaycanlının itkin düşdüyü, 5 nəfərin isə girov götürüldüyü məlum olsa da, bu rəqəmlərin daha çox olma ehtimalı var.

Konqres müvafiq qurumlardan itkin və girov düşən azərbaycanlıların sayının daha da dəqiqləşdirilməsində yaxından kömək göstərməyi xahiş edib: “İtkin və girov düşənlərin baş verən münaqişədə heç bir silahlı müdaxiləsi olmayıb. Onlar əsas etibarı ilə həmin bölgədə yaşayan iş adamları, mülki şəxslərdir. Heç bir səbəb olmadan mülki şəxslərin, o cümlədən də azərbaycanlıların itkin düşməsi Ukraynada yaşayan çoxsaylı azərbaycanlıları, iş adamlarını, cəmiyyətləri çox ciddi narahat edir, bu ölkədə yaşayan digər etnik xalqlarla yanaşı, azərbaycanlıların da təhlükəsizliyini ciddi təhdid altına alır. Sizdən mülki soydaşlarımızın taleyinin dəqiqləşdirilməsindən yaxından kömək göstərməyinizi xahiş edirik”.

Müraciət BUAK sədri Rövşən Tağıyev, ölkənin 24 regionunda olan azərbaycanlılar konqresləri və cəmiyyətləri tərəfindən imzalanıb.
Diaspora