Bakıda Şah İsmayıl Xətainin Azərbaycana gətirilmiş 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib -

Bakıda Şah İsmayıl Xətainin Azərbaycana gətirilmiş 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib - backend

Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

APA xəbər verir ki, Şah İsmayıl Xətainin sağlığında yazılmış və müasir dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan bu fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən "Christie's" hərracında satın alınıb və Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edilib.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov muzey fondlarının zənginləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Nazir müavini bir azərbaycanlı vətəndaşın bu tarixi sənədi hərracdan alaraq Vətənə gətirməsini əlamətdar hadisə kimi qiymətləndirib. Fərid Cəfərov tarixi-maddi faktların toplanılması ənənəsinin davam etdirilməsinin müsbət hal olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli paytaxta gətirilən sənədin siyasi və tarixi əhəmiyyətindən söhbət açıb. O bildirib ki, böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin möhürü olan fərmanın Milli Azərbaycan Tarix Muzeyinə təqdim olunması muzeyin fondu üçün çox qiymətlidir. İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Mədəniyyət Nazirliyinin bu təqdimat mərasimini təşkil etməsi dövlətçilik tariximizə töhfədir.

Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı çıxışında 500 yaşlı sənədi xaricdəki hərracdan satın alıb Azərbaycana gətirən həmvətənimizə dərin minnətdarlığını bildirib. O bildirib ki, fərman farsca yazılsa da, tuğranın içində “sözümüz” kəlməsi türkcə yazılıb.

Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Kərim Şükürov bu sənədin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu fikirlərin fonunda Şah İsmayıl Xətainin hökmdarlıq dövrü, dövlətçilik tariximizdəki əhəmiyyətli addımlarına nəzər salıb.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu barədə söhbət açıb. O, gələcəkdə də xaricdə olan bu tip qiymətli sənədlərin əldə edilib Azərbaycana gətirilməsini zəruri hesab edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Şah İsmayıl Xətainin bədii yaradıcılığının məziyyətləri, onun əsərlərinin bədii keyfiyyətləri barədə söhbət açıb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim musiqi alətləri ansamblının, ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri — Rahib Allahverdiyev və Firuzə İsmayılın qiraətində Xətainin müxtəlif poetik nümunələri səsləndirilib.

Qeyd edək ki, sözügedən tarixi sənəd Şah İsmayılın Təbrizdəki Xanəhməd bağının ögey qardaşı Seyid Süleyman Mirzəyə bağışlanması barədədir.

Fərman hərraca qədərki sahibi tərəfindən 1983-cü ildə London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin İranşünaslıq fakültəsinin professoru Adrian Devid Hyu Bivardan satın alınıb. Mətn fars dilində (fars xəttatlığına aid "qara şikəstə" adlı yazı üslubu əsasında) yazılıb. Fərmana Şah İsmayıl Xətainin möhürü vurulub.

APA-nın araşdırmasına görə, tarix elmlər doktoru, professor, Əməkdar elm xadimi Süleyman Əliyarlının müəllifi olduğu “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabında bu fərman barədə məlumat verilib. Bildirilib ki, fərman miladi təqvimlə 1508-ci ilin iyul ayının 4-də verilib.

Hökmün fotosurəti “Şərq tədqiqatları” məcmuəsinin 1965-ci ildə Oksfordda çapdan çıxmış III buraxılışından götürülüb, 1977-ci ildə kiril qrafikası ilə Tağı Musəvinin “Orta əsrlər” və qeyd etdiyimiz kimi, 2007-ci ildə latın qrafikası ilə Süleyman Əliyarlının “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabında dərc edilib.

Şah İsmayıl Xətainin sözügedən fərmanının mətnini təqdim edirik:

“O, pak Allahdır.

Mehriban və bağışlayan allahın adı ilə

[Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl Şahimərdanın [Əlinin] quludur. 908

Hökm Allahındır.

Qalibliyin atası İsmayıl

Bahadur

Sözümüz

Bu vaxt qərar buyurduq ki, hökmdarlıq məkanı Təbrizdə yerləşən və ardıcıl olaraq seyidlik və dinin cəlalı, abalığın panəhı, səadətin kəsəri, qardaşlıq məhəbbəti bəslədiyim Seyid Süleyman Mirzənin sərəncamında olmuş Xanəhməd bağını həmin qayda ilə ona aid bilsinlər və onun vəkillərinin sərəncamına versinlər. Ayrı bir adam oraya dəxalət etməsin. Qeyd olunan hökmdarlıq məkanının darğası, kələntərləri və divan işlərinə baxan rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər. Hakimiyyətin pənahı, hamının atalığı, dövlət və iqbalın münsifi alicənab Hüseyn bəy Lələ sərəncam verdiyi təqdirdə bu işə heç bir adama qarışmaq fürsəti verməsinlər. Buyuruqdan kənara çıxmasınlar və özlərini vəzifədar bilsinlər.

Yüksək qeyd. Yazıldı 914-cü il səfər ayının 15-də”.

Diaspora