Yazıçı, dramaturq Vaqif Əlixanlı vəfat edib.
Bu barədə APA-ya AYB sədri Xalq yazıçısı Anar məlumat verib.
Birliyin mətbuat katibi Xəyal Rza APA-ya açıqlamasında bildirib ki, yazıçı ilə vida mərasimi bu gün sat 13:00-da Təzə Pir Məscidində baş tutacaq: "Dəfn isə saat 14:00-da Qurd qapısı qəbiristanlığında olacaq".
Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Qubanın Yerfi kəndində anadan olub. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.
1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.
2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının Baş redaktoru olub.
Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvü olub.
Allah rəhmət eləsin!
Qeyd edək ki, xəbəri ilk olaraq manset.az yayıb.