Ağdam rayonunun Şıxbabalı kəndinin sakinləri Azərbaycanın ilk şəhidlərindən olan Bəxtiyar Quliyevin məzarının qalıqlarnı tapıblar.
Bu barədə Qaziler.az-a kənd sakini Niyazi Quliyev məlumat verib. Şəhidin məzar daşının fotosunu da o çəkib.
"Azərbaycanın ilk şəhidlərindən olan Əli Hacıyev və Bəxtiyar Quliyev Ağdamın Şıxbabalı Sovetliyindəndirlər. Bəxtiyar məhz bizim kənddəndir. Şıxbabalılar işğaldan azad edilmiş doğma kəndlərini ziyarət edərkən Bəxtiyarın məzarının qalıqlarını tapıblar. O vaxt Bəxtiyar öz kəndimizdə dəfn edilmişdi", - N.Quliyev bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk şəhidləri olan Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ildə Əsgəranda şəhid olmuşdular.
1988-ci ildə Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı.
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi.
Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı.
Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru yürüş etdi. Yürüş edənlərin məqsədi yaranan anlaşılmazlığa son qoymaq idi.
Əli ilə Bəxtiyar da mitinqçilər arasında olub. Düşmən tərəfindən mitinqçilərə açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər...
P.S. Bu ilin aprel ayınada Azərbaycanın ilk iki şəhidindən biri Əli Hacıyevin məzarının Qarağacı qəbiristanlığında tapıldığı haqda sosial şəbəkələrdə məlumat getmişdi.
Xatırladaq ki, Şıxbabalı kənd qəbirstanlığı azğın ermənilər tərəfindən tamamilə dağıdılıb.
QAZİLER.AZ