Ən kiçik risk belə aşkar edildikdə, uçuşun təxirə salınması və ya gecikdirilməsi qaçılmazdır, çünki uçuş yalnız bütün təhlükəsizlik tələbləri tam yerinə yetirildikdən sonra həyata keçirilə bilər.
Trend xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuşların təhkükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə bildirib.
Onun sözlərinə görə, uçuş gecikmələri sərnişinlər üçün narahatlıq yaratsa da, çox vaxt bu gecikmələr təhlükəsizliyin təmin olunması üçün vacib olur:
"Gecikmələrin əsas səbəbləri arasında texniki nasazlıqlar, yerüstü xidmətlərin ləngiməsi, birləşdirici reyslərin gecikməsi və bəzi hallarda sərnişinlərin davranışları da göstərilir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına görə, uçuş gecikmələrinin təxminən 45%-i yerüstü xidmətlər, texniki xidmət və ekipajla bağlı əməliyyat səbəblərindən qaynaqlanır. "Uçuşdan əvvəl hər təyyarə mühərriklər, naviqasiya sistemləri və digər vacib komponentlər üzrə ciddi texniki yoxlamadan keçir. Təyyarənin texniki hazırlığı tam təmin olunmadan uçuşa icazə verilmir", – deyə Elmir Quluzadə əlavə edib.
O qeyd edib ki, Bakı aeroportunda bu texniki yoxlamalar beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilir və təhlükəsizlik prioritet olaraq qalır. Heydər Əliyev Beynəlxalq Aeroportunda texniki nasazlıqlardan qaynaqlanan gecikmələr cəmi 1,25%-dir.
Hava şəraiti də uçuşların təhlükəsizliyinə birbaşa təsir göstərən mühüm faktorlardan biridir. Güclü külək, duman və yağış təyyarənin qalxış və eniş prosesini çətinləşdirə bilər. Bakı hava limanında quraşdırılmış qabaqcıl naviqasiya və meteoroloji sistemlər, o cümlədən ILS (Instrument Landing System) texnologiyası və GRF (Global Reporting Format) metodologiyasına əsasən uçuş-enmə zolaqlarının real vaxt rejimində monitorinqi həyata keçirilir ki, bu da uçuşların təhlükəsizliyini təmin edir".