Azərbaycan Cenevrədə Dünya Radiorabitə Konfransında təmsil olunur

Azərbaycan Cenevrədə Dünya Radiorabitə Konfransında təmsil olunur backend

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə Dünya Radiorabitə Konfransı öz işinə başlayıb. Noyabrın 27-dək davam edəcək tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin və Teleradio İstehsalat Birliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransın gündəliyı üzrə bu il RYTN tərəfindən müvafiq təkliflər hazırlanıb.

Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.

Konfransın əsas məqsədi ötən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.

Qeyd edək ki, Dünya Radiorabitə Konfransı Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir.