Bölgələrdə kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb

Bölgələrdə kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb backend

Ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və digər rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.

Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.

Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.

Zərərverici yetkin fərd mərhələsində qrup halında qışlayır və qışlama yeri kimi insanların yaşadığı binalara və digər tikililərdəki sığınacaqlara üstünlük verir, əsasən də tikililərin qaranlıq və yuxarı hissələrində toplaşırlar. Havanın temperaturu və günün uzunluğu zərərvericinin qışlamadan çıxmasına təsir edən başlıca amillərdir. Havanın temperaturu +15 °C-dən yuxarı olduqda yetkin fərdlərin qışlama yerlərindən çıxması, +17 °C-dən çox olduqda isə aktiv qidalanmağa başlaması məlumdur. Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, yetkin fərdlərin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün həmin tikililərdə pəncərələr xırdagözlü torla bağlanmalıdır.

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri çərçivəsində qonşu ölkələrdən Azərbaycana yük daşıyan nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya olunur. Həmçinin sürücülər qəhvəyi mərmər bağacığı və dezinfeksiya ilə bağlı əməl edilməli olan qaydalar barədə məlumatlandırılır. Eyni zamanda, ölkəmizin şimal-qərb və qərb rayonlarında müşahidə edilən zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə monitorinqlər keçirilir, maarifləndirmə işləri aparılır. Bağacığın aşkar olunduğu bölgələrdə yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Bundan başqa, qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanılır, müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır.

“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar +994 99 708 85 88 (Qərb rayonları üzrə), +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə) telefon nömrələrinə zəng vuraraq qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.

Diaspora