Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzi tərəfindən bu il 1,2 milyon vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə Qaziler.az-a nazirlikdən bildirilib.
Müraciətlər sosial təminat, əlillik və reabilitasiya, mənzil və avtomobillə təmin edilmək, əmək münasibətləri, aktiv məşğulluq proqramlarına, sosial xidmətlərə cəlb olunmaq və s. məsələlərlə bağlı olub.
Müraciətlərin cavablandırılması işinin təkmil, operativ və keyfiyyətlə yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, hər bir müraciət araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməklə, sorğularla bağlı hüquqi izahat və məlumatlar verilib.
“142” Çağrı mərkəzinə edilən zənglərin cavablandırılması üçün orta gözləmə müddəti azalmaqda davam edərək hazırda 14 saniyə təşkil edir. Vətəndaşların “142” Çağrı mərkəzindən məmnunluq səviyyəsi isə 93,4 faiz təşkil edir.
1 oktyabr 2024-cü il tarixindən isə “142” Çağrı mərkəzinə edilən müraciət üzrə araşdırmanın nəticəsinin vətəndaşın istəyi və razılığı ilə ona SMS bildirişi vasitəsilə də göndərilməsinə başlanılıb.
Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi işləri də aparılıb. Ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət, əlillik təyinatı və s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.
Yəni, Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə seçim etdikdən sonra həmin istiqamətlərdə səsli menyu vasitəsilə məlumatları dinləyə bilirlər.
Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.