COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək backend

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq.

"Report"un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəfləri Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, kişilər və qadınlar üçün sakit və əlçatan yerlərdə, sanitar qovşaqları yaxınlığında ibadət xalçası ilə təmin olunmuş iki meditasiya/ibadət otağı olacaq.

Bundan başqa, əsas giriş zonasında (təhlükəsizlik yoxlamasından sonra və vəsiqə yoxlama məntəqəsindən əvvəl) uşaqlar üçün dəyişmə masası, iki rahat kreslo, kiçik soyuducu və gigiyenik zibilqabı ilə təmin olunmuş körpə baxım otağı olacaq.

Həmçinin açıq havada mühafizə perimetri daxilində siqaret çəkmək üçün külqabılarla təmin olunmuş dörd məntəqənin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Diaspora