Cəbrayılda Şəhər günü qeyd edilir

 Cəbrayılda Şəhər günü qeyd edilir backend

Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Daha bir tarixi gün - Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilir.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.

Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsert proqramı ilə başlayan tədbir çərçivəsində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilər də nümayiş olunur.

Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın 4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Diaspora